“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti 6 sentyabr 2018-ci il tarixindən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edir.

“Türk Hava Yolları” aviaşirkəti sözügedən hava limanına uçuşları 2015-ci ilin martın 15-də başlamış və 2016-cı ilin payızında dayandırmışdır. Şirkətin Bakı nümayəndəliyinin məlumatına görə, İstanbul Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.

Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı beşə çatdırılacaq.

“Türk Hava Yolları”nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında , satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (255 beynəlxalq və 49 daxili) və 325 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.